Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyi
 

 

Yenidoğulmuşlarda nazolakrimal kanalın obstruksiyası zamanı nə edirsiniz?
Antibiotik damcılardan istifadə edirəm
Göz yaşı kanalını yuyuram
Göz yaşı yollarını zondlayıram
Göz yaşı kisəsi nahiyyəsinin massajını tövsiyyə edirəm
Uşağın bir yaşı tamam olanadək gözləyirəm
Digər

HAQQIMIZDA

Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyi (MOİYB) dünyada gənc oftalmoloqlar tərəfindən yaradılmış ilk və yeganə təşkilatdır desəm, bəlkə də yanılmaram. Təşkilatımız görmənin qorunması və korluqla mübarizə, oftalmoloji təhsilin artırılması, həmçinin beynəlxalq oftalmoloji təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Bundan əlavə ölkəmizdə müasir oftalmologiya elminin nailiyyətlərinin təbliğ və tətbiq edilməsi MOİYB–nin ümdə məqsədlərindəndir.

2006-cı ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçən MOİYB öz fəaliyyətini Beynəlxalq Oftalmologiya Şurasının Etik Komitəsi tərəfindən qəbul edilmiş “Ofatalmoloqlar üçün Etik Kod” əsərini azərbaycan dilinə tərcümə edərək, onu oftalmoloqlarımız arasında yaymaqla başladı. Tərcümə üçün Etik kodun seçilməsi heç də təsadüfi olmadı. Məhz beynəlxalq etik prinsip və standartların tərcümə olunaraq oftalmoloqlarımız arasında paylanması onların beynəlxalq standartlarla tanış edilməsində ilk addım idi. Etik Kodun yayılması həm çap materialı şəklində, həm də beynəlxalq şəbəkədə yerləşdirilməklə həyata keçirildi.

Tərcümə fəaliyyətinin davamı olaraq beynəlxalq oftalmologiya ictimaiyyəti arasında yüksək qiymətləndirilən, Amerika Oftalmologiya Akademiyası tərəfindən qəbul edilmiş “Benchmark” tövsiyyələrinə əsaslanan və Beynəlxalq Oftalmologiya Şurası tərəfindən tərtib olunmuş “Beynəlxalq Klinik Tövsiyyələr” ana dilimizə tərcümə edilərək elektron formatda oftalmoloqlarımız arasında yayıldı. 

Qürurlandırıcı faktdır ki, ana dilimizə tərcümə olunmuş Oftalmologiyanı Öyrənən Tələbələr üçün Vəsait  ingilis,fransız, ispan, ərəb və çin dillərində olan materiallarla yanaşı Beynəlxalq Oftalmologiya Şurasının saytında yerləşdirilmiş və tərcümə fəaliyyətimiz Beynəlxalq Oftalmologiya Şurası tərəfindən yüksək qiymətləndirilərək,  “ICO Notes” aylıq dərgisinin 2009-cu il sentyabr nömrəsində gördüyümüz işlərə böyük önəm verilmişdir.  

2007-ci ildən etibarən Beynəlxalq Oftalmologiya Şurasının  Məşvərətçi Komitəsi (ICO Advocasy Committee) bütün dünyada korluqla mübarizə məqsədi ilə yeni proqram qəbul etdi. MOİYB bu proqram çərçivəsində fəaliyyət göstərmək üçün seçilmiş 45 təşkilatdan biri oldu. 
 
Təşkilatımız təsis olunduğu gündən görmənin qorunması və korluğun qarşısının alınması məqsədi ilə əhali arasında müxtəlif profilaktik və maarifləndirici tədbirlər həyata keçirir. MOİYB Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Korluqla Mübarizə Agentliyin birgə səyi nəticəsində qəbul edilmiş “Görmə-2020: Gormə Hüququ” təşəbbüsünün prinsipləri əsasında fəaliyyət göstərən və onun barəsində həkimlərimizi məlumatlandıran ilk təşkilatdır. Tədbirlərimiz əsas etibarı ilə Sumqayıt əhalisi arasında həyata keçirilir.

2008-ci ilin əvvəllərində MOİYB Amerika Oftalmologiya Akademiyası tərəfindən hazırlanmış Oftalmoloji Təhsil və Yeniliklər Şəbəkəsinin (Ophthalmic News & Education - O.N.E. Network) bütün dünyada, xüsusi ilə də inkişaf etməkdə olan ölkələrdə çalışan oftalmoloqlar üçün təmənnasız olması naminə sorğuda iştirak edən məsləhətçi təşkilatlardan biri oldu. Amerika Oftalmologiya Akademiyası və Beynəlxalq Oftalmologiya Şurasının birgə təşəbbüsü ilə 2008-ci ildən etibarən dünyanın 60 müxtəlif ölkəsində fəaliyyət göstərən təşkilatlar, həmçinin bizim təşkilat “Nəzəri və Klinik Biliklər üzrə Kurs” təhsil materialları ilə təmin edilməyə başladı. Əldə olunmuş materiallar gənc oftalmoloqlarımızın təhsilinin təkmilləşdirilməsi naminə istifadə edilir.

Qürurla qeyd etmək istərdim ki, 28 iyun-02 iyul 2008-ci il tarixlərində Honq Konqda keçirilən 31-ci Ümumdünya Oftalmologiya Konqresində (World Ophthalmology Congress) ilk dəfə ölkəmizi təşkilat səviyyəsində təmsil edən məhz MOİYB oldu. Təşkilatımız konqres dövründə keçirilən Beynəlxalq Oftalmologiya Şurasının Baş Məclisində dünyada analoqu olmayan gənc və proqressiv oftalmoloqlar tərəfindən yaradılmış ilk oftalmoloji təşkilat kimi Beynəlxalq Oftalmologiya Şurasına üzv seçildi. Dünya oftalmologiyası üçün mötəbər bir tədbirdə Azərbaycanın gənc oftalmoloqları tərəfindən yaradılmış bir təşkilatın Beynəlxalq Oftalmologiya Şurasına üzv seçilməsi tək MOİYB-nin deyil, bütövlükdə oftalmologiyamızın və bizim müəllimlərimizin uğurudur. Bununla yanaşı konqres zamanı MOİYB “Dünya Oftalmologiyasında Liderlik Qabiliyyətinin Inkişafı üzrə Dəyirmi Masa” (World Ophthalmology Roundtable in Lidership Development-WORLD), “Dünya Oftalmoloji Təhsil Kollokviumu” (World Ophthalmic Education Colloquium-WOEC), Amerika Oftalmologiya Akademiyasının – Oftalmoloji Təhsil və Yeniliklər Şəbəkəsinin (Ophthalmic News & Education Network-O.N.E.) təhlili üzrə toplantılarında və bir sira digər oftalmo-ictimai tədbirlərdə ölkəmizi qürurla təmsil etdi.

Hazırkı sayt MOİYB –nin fəaliyyətinin kulminasiya nöqtəsidir. Biz saytımızı 2009-cu ilin əvvəllərində oftalmoloqlarımıza təqdim etməklə, onu oftalmologiyanı özü üçün həyat fəlsəfəsi seçən, gözə xüsusi dəyər verən, həmçinin görmənin sirlərinə valeh olan və onun vacibliyini anlayan hər kəsə təqdim etməkdən çox məmnunuq. Ümidvaram ki, Siz bizim saytı ziyarət edərkən özünüz üçün maraqlı, dəyərli və vacib informasiyanı əldə edərək, bizim daimi qonağımıza çevriləcəksiniz.

Hər il Beynəlxalq Oftalmologiya Şurası bütün dünyada oftalmologiya üzrə nəzəri və klinik biliklərini qiymətləndirilmək üçün oftalmoloqlara Nəzəri və Klinik Biliklərin Qiymətləndirilməsi (NKBQ) imtahanında iştirak etmək imkanı yaradır. 2009-cu ilin ortalarında MOİYB Azərbaycanda NKBQ imtahanının keçirilməsi üzrə koordinator təşkilat seçildi. Bununla da oftalmoloqlarımıza xaricə getmədən, məhz ölkəmizdə beynəlxalq statusa malik imtahanda iştirak etmək şansı təmin olundu. 

Təşkilatımız yarandığı gündən yaradıcı potensiala malik kreativ gənc oftalmoloqlarla işləməyə böyük önəm vermiş, onların faydalı ideyalarını hər zaman yüksək qiymətləndirərək dəstəkləmişdir. Məhz onlara olan etibar və güvənc sayəsində fəaliyətimizdə uğurlar əldə etmişik.

Biz bu gün də öz təməl prinsiplərimizə sadiq qalaraq ölkəmizdə müasir oftalmologiyanın inkişafında yeni fikirləri olan yaradıcı gəncləri öz sıralarımızda görməyə, həmçinin onların yeni ideya və təkliflərini hər zaman böyük həvəslə dinləməyə hazır olduğumuzu bildirirk.

MOİYB-nin sədri,
Emin Əlihüseynli.

Copyright © 2009 Assistance for Development of Modern Ophthalmology Union. All Rights Reserved