Dünya Oftalmologiya Konqresi, 5-9 iyun 2010-cu il, Berlin
Beynəlxalq Oftalmologiya Şurasının (BOŞ) təşkilatçılığı ilə 5-9 iyun 2010-cu il tarixlərində Berlində keçirilmiş Dünya Oftalmologiya Konqresi beynəlxalq oftalmologiyada ən möhtəşəm hadisə kimi yaddaşlara həkk olundu.
İlk dəfə 1857-ci ildə Belçikanın paytaxtı Brüseldə 24 ölkədən olan 150 oftalmoloqun iştırakı ilə həyata keçirilərən konqres tibb tarixində ən uzun ömürlü və davamlı tədbirlərdəndir. Dünya Oftalmologiya Konqresi iki ildən bir müxtəlif ölkələrdə həyata keçirilir.
Berlində keçirilmiş 32-ci Beynəlxalq Oftalmologiya Konqresinə Almaniya Oftalmologiya Akademiyasının dəstəyi ilə Almaniya Oftalmologiya Cəmiyyəti ev sahibliyi etdi. Bu ilki konqresdə Azərbaycan da daxil olmaqla dünyanın 133 ölkəsindən 11 000 - dən artıq oftalmoloq iştirak etdi. Konqresdə Azərbaycanı Beynəlxalq Oftalmologiya Şurasına üzvü olan Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyi təmsil edirdi.
Konqresin açılış mərasimi xüsusi rəngarəngliyi və zəngin bədii hissəsi ilə oftalmoloqların diqqətini cəlb etdi.
BOŞ prezidenti Professor Bruce Spivey və “WOC-2010” prezidenti Professor Gerhard Lang konqres iştirakçılarını salamlayaraq konqresin açılışını elan etdilər.
Mərasim zamanı dünya oftalmologiyasının inkişafında əvəzsiz rol oynamış şəxslərə mükafatlar təqdim olundu.
Konqres zamanı Beynəlxalq Oftalmologiya Şurasının Ali Məclisi, Dünyada Oftalmoloji Təhsil üzrə Dəyirmi masa, Dünya Oftalmoloji Təhsil Kollokviumu, Korluğun qarşısının alınması üzrə “Görmə-2020: Görmə Hüququ” təşəbbüsü çərçivəsində müxtəlif ictimai toplantılarla yanaşı, oftalmologiya sahəsində dünyanın aparıcı mütəxəssislərinin göz xəstəliklərinin profilaktikası və müalicəsi sahəsində əldə etdikləri nailiyyətləri ilə bağlı təqdimatları iştirakçıların diqqətinə çatdırıldı. Dünya oftalmologiyası üçün maraq doğuracaq elmi proqrama Professor Stefen Rayan və Professor Qabriella Lanq başçılıq edirdilər. Elmi proqramda 738 sessiya və kursda 1204 məruzəçinin iştirakı ilə müxtəlif məruzələr həmçinin, 55 təşkilat tərəfindən müasir oftalmologiyanın müxtəlif aspektlərini əhatə edən 70-ə qədər simpozium iştirakçıların diqqətinə çatdırıldı.
Konqres zamanı dünyanın yüzdən artıq farmokoloji preparat və oftalmoloji avadanlıq istehsal edən şirkətləri öz məhsullarını nümayiş etdirdilər.
Konqres iştirakçılarına “WOCtoberfest” adlı (Bavariya stilində - içki, alman xörəkləri və müxtəlif əyləncəli proqramlar) xüsusi ictimai proqram təqdim edildi.
Konqresin son günü məruzəcilərin toplantısında “WOC–2010” prezidenti Professor Gerhard Lang konqresin simvolik açarını “WOC-2012” prezidenti Abduləziz Əl-Rəcciyə təqdim etdi. Beləliklə, növbəti Dünya Oftalmologiya Konqresi, həmçinin 33-cü Beynəlxalq Oftalmologiya Konqresi və 11-ci Beynəlxalq Yaxın Şərq və Afrika ölkələri Şurasının Konqresi 2012-ci ildə oftalmologiya tarixində ilk dəfə olaraq Yaxin şərqdə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə həyata keçiriləcək. Növbəti Dünya Oftalmologiya Konqresi barədə əlavə məlumat üçün bura tıklayın.
Gələcəkdə Azərbaycanda da bu cür dünya miqyaslı tədbirlərin keçirilməsinə ümid edirik.